Dəmir yollarında ayaqlar altına atılan AZƏRBAYCAN QANUNLARI... - İTTİHAM VAR...

"Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin işarəvermə və rabitə xidməti tərəfindən ölkənin əmək qanunvericiliyinin pozulması davam edir. Belə ki, işçilər insan resursları şöbəsinə dəvət olunaraq hansı tarixdə attestasiyada iştirak edəcəkləri barədə bildirişi imzalatdırırlar. Bildirişlər isə 20,30, 40 ilin işçilərinə təqdim olunub, üstəlikdə attestasiya komissiyasının sədrinin imzası ilə..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Əvvəla attestasiya komisiyasının sədri yalnız attestasiya bitdikdən sonra protoklu imzalaya bilər. Attestasiyadan öncə isə bildiriş əmri verən işəgötürən tərəfindən imzalanmalıdır. Lakin keçirilən attestasiyada ciddi qanun pozuntuları olduğunu nəzərə alaraq, əmri verən xidmətin rəisi Qəzənfər Abduləzimov öz adının saxta bildirişdə hallanmasını istəməyib. İkincisi, bildirişlər 20, 30, 40 il iş təcrübəsi olan işçilərə təqdim olunub, bu isə Əmək Məcəlləsinin 66-cı maddəsinin və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarınn pozulması deməkdir. Belə ki, ƏM 66-cı maddəsinə əsasən eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiyadan keçirilə bilməz. Attestasiya hər 3 ildən bir keçirildiyini nəzərə alaraq bu işçilər 3 yox, 15 dəfə attestasiyadan keçiblər. Elə isə hansı qanuna istinadən bu işçilər attestasiyadan keçirilirlər?! Xidmət rəhbərliyi bilməlidir ki, heç bir əmr qanundan üstün ola bilməz. Heç bir qanuna sığmayan, bu qeyri-qanuni attestasiyadan işçilərin imtina etmək hüququ var. Hətta işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abduləzimov işçiləri attestasiya ilə hədələməkdən belə çəkinməyib, “attestasiyada mən özüm oturacam, sualları özüm verəcəm. Kim cavab verə bilməsə onları işdən çıxaracam” deyə bildirir. Görünür bu adamın, ölkənin əmək qanunvericiliyindən xəbəri yoxdur, və yaxud xəbəri var, lakin hər zamanki kimi qanunları atıblar ayaq altına. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. ADY-nın İnfrastruktur Departamentinin işarəvermə və rabitə xidmətinə son illər yüksək vəzifələrə sahə üzrə peşəkar təcrübəsi olmayan şəxslər gətirilib. Görəsən, bu insanları kim və nə vaxt imtahan edəcək? Əsl attestasiyadan keçirilməli işçilər, heç bir işə qəbul imtahanında iştirak etmədən, nəyinsə müqabilində 3 il öncə işə qəbul edilmiş Qəzənfər Abduləzimovun yaxın adamlarıdır. Məsələn, Coşqun Rüstəmli, Siyavuş Aslanov, Samir Məmmədov və s.
Ciddi qanun pozuntusuna yol verərək, 3 dəfədən artıq attestasiyadan keçən, pensiya yaşına 1-5 il qalmış işçiləri attestasiyadan keçirmək işçini ixtisar etmək üçün işəgötürən tərəfindən aparılan qeyri qanuni bir siyasətdir. Əmək Məcəlləsinə görə attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Lakin öncəki illərdə də müşahidə olunduğu kimi, öz adamlarına heç bir sual vermədən zarafatlaşaraq yola verirlər, “arzuolunmaz” işçilərə isə peşəsinə uyğun olmayan suallar verməklə attestasiyadan kəsirlər. Hətta suallara cavab versə belə “arzuolunmaz” işçi attestasiyadan keçirilmir. Təsəvvür edin, əyər əmək qanunvericiliyi pozularaq 3 dəfədən artıq attestasiyadan keçirilən işçiyə bildiriş göndərilirsə, görün proses zamanı hansı qanun pozuntuları baş verəcək. Xususilə də, attestasiya prosesinə heç bir nəzarət olunmayacağı və heç bir müşahidə aparılmayacağını nəzərə alsaq, nələrin baş verəcəyini təxmin etmək çətin deyil.
İndi isə sual yaranır. Görəsən Prezident administarsiyasının şöbə müdürü cənab Şahmar Mövsümovun, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi cənab Vəli Quliyevin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevanın Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin işarəvermə və rabitə xidmətində baş verənlərdən xəbəri varmı? Yoxdursa, xahiş edirik bir işçi grupu göndərin, bir araşdırma aparın rəisin fəaliyyətini təftiş etdirin və sonda soruşun: “Qəzənfər Abduləzimov şükür elə Allaha ki, sən rəis qoyulmusan. Bəs sən nə ilə məşğulsan? Görmürsən gündə bir yerdə qatar aşır, dəmir yolu körpüsü çökür, qəzalar baş verir. Axı bu yolu sən imzalayıb təhvil almısan. Bu cür mühüm işləri qoyub nə istəyirsən bu işçilərdən?” Müəssisədə gedən proseslərlə əlaqədar müvafiq qurumlar tərəfindən yoxlanılmasına və nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur..."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: