Ziyəddin Quliyev: Milli mətbuatın inkişafına verilən dəyər cəmiyyətin tərəqqisinə xidmət edir

22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının zəngin tarixini, söz və fikir azadlığının inkişaf yolunu, milli dəyərlərimizin qorunmasında mətbuatın mühüm rolunu ifadə edən əlamətdar gündür. Bu əlamətdar tarix münasibətilə "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev ölkəmizin bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayır.
Azərbaycan milli mətbuatı ötən 150 ilə yaxın dövr ərzində cəmiyyətin maariflənməsinə, milli düşüncənin formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. Müasir dövrdə isə media cəmiyyətlə dövlət arasında etibarlı körpü rolunu oynayır, operativ və obyektiv informasiya ilə ictimaiyyətin məlumatlandırılmasında xüsusi əhəmiyyət daşıyır.
Ziyəddin Quliyev vurğulayır ki, peşəkar jurnalistika hər zaman həqiqətin, obyektivliyin və milli maraqların keşiyində dayanmalıdır. Enerji sektoru kimi strateji sahələrdə həyata keçirilən layihələrin, ölkənin enerji təhlükəsizliyi istiqamətində görülən işlərin ictimaiyyətə düzgün çatdırılmasında medianın rolu danılmazdır. "Azərenerji" ASC də müxtəlif dövrlərdə jurnalist yaradıcılığının təşviqi istiqamətində layihələr və müsabiqələr təşkil edərək media ilə əməkdaşlığa önəm verib.
Uzun illər enerji sahəsində çalışan Ziyəddin Quliyev ölkənin enerji sisteminin inkişafı, elektrik enerjisi infrastrukturunun təkmilləşdirilməsi və dayanıqlı enerji təminatının gücləndirilməsi istiqamətində fəaliyyət göstərən rəhbər şəxslərdən biri kimi tanınır. Onun fəaliyyəti enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi ilə əlaqələndirilir.
Milli Mətbuat Günü münasibətilə Ziyəddin Quliyev bütün jurnalistlərə peşə fəaliyyətlərində obyektivlik, qərəzsizlik və uğurlar arzulayaraq bildirir ki, güclü media cəmiyyətin inkişafına, milli həmrəyliyin möhkəmlənməsinə və dövlətçilik dəyərlərinin təbliğinə mühüm töhfə verir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, qələminizin daim həqiqətə xidmət etməsini, fəaliyyətinizdə yeni-yeni uğurlar qazanmağınızı arzulayırıq. Milli mətbuatımızın şərəfli yolu daim işıqlı və uğurlu olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: