Siyasət Həşimov : Ulu Öndər Heydər Əliyev irsi – Azərbaycançılığın əbədiyaşar məktəbi

Azərbaycan xalqının taleyində silinməz iz qoymuş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi bu gün də dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi böyük ehtiramla yad edilir. Xalqımız hər il 10 may tarixini yalnız böyük bir liderin doğum günü kimi deyil, həm də milli qürur, dövlətçilik düşüncəsi və Azərbaycançılıq ideologiyasının təntənəsi kimi qeyd edir. Ulu Öndər Heydər Əliyevin həyat yolu, xalqına bağlılığı, dövlətinə xidmətləri gələcək nəsillər üçün əsl örnəkdir.
Məhz belə bir tarixi gündə xeyriyyəçi iş adamı Siyasət Həşimov da Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirir. O bildirir ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının böyük siyasi lideri, müdrik dövlət xadimi olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyaraq güclü və qüdrətli dövlətə çevrilmişdir.
Siyasət Həşimov qeyd edir ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkədə milli birlik, sabitlik və inkişaf təmin edilmiş, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Xüsusilə 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni ağır böhrandan xilas etmiş, dövlətçiliyin məhv olmasının qarşısını almışdır. Həmin dövrdən etibarən Azərbaycanda yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur.
Xeyriyyəçi iş adamı vurğulayır ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və ən əsası torpaqlarımızın işğaldan azad olunması Ulu Öndər siyasətinin təntənəsidir. Bu gün qalib Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən biridir.
Siyasət Həşimov hesab edir ki, Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Çünki Ulu Öndərin ideyaları milli dövlətçiliyimizin əsas dayağıdır. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri hər bir vətəndaş üçün qürur mənbəyidir.
Siyasət Həşimov öz fəaliyyətində də daim vətənə, xalqa xidmət prinsiplərini əsas tutduğunu bildirir. O, xeyriyyəçilik fəaliyyətinin insanların rifahına xidmət etdiyini, sosial dəstəyin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edir. Onun fikrincə, insanlara yardım etmək, ehtiyacı olanlara dayaq olmaq həm mənəvi məsuliyyət, həm də vətəndaşlıq borcudur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin humanizm siyasəti hər zaman örnək olaraq qalır.
Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini böyük sevgi və ehtiramla yad edir. Çünki Heydər Əliyev adı Azərbaycan tarixində əbədi yaşayacaq, onun dövlətçilik məktəbi gələcək nəsillərə daim yol göstərəcəkdir. Azərbaycanın bugünkü uğurları və sabahkı zəfərləri məhz bu möhkəm təməl üzərində qurulub.
Ulu Öndər Heydər Əliyevin ruhu daim şaddır. Onun ideyaları yaşayır, yaşayacaq və Azərbaycanı daha böyük zirvələrə aparacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: